Xocalı faciəsinin
canlı şahidi, ailə üzvləri ilə birgə 8 gün erməni quldurlarınının əsiri olan,
ağır işgəncələr görmüş Yaşar Əliməmmədov Şahmalı oğlundan aldığım müsahibəni
oxucuların diqqətinə çatdırıram.
-Yaşar
müəllim, erməni vəhşiliklərini, başımıza gətirilən dəhşətləri gözlərinizlə görmüş Xocalı sakini kimi sizdən
Xocalı facəisinin təəssüratlarını eşitmək, "Xocalının səsi" qəzetində
oxucuların diqqətinə çatdırmaq və mümkün qədər yaymaq fikrindəyik. Xahiş edirəm, sizin üçün çox çətin olsa da həmin günləri bir daha yad edək.
- Xocalıda əminamanlıq
içərisində yaşayardıq. Heç birimizin ağlına gəlməzdi ki, bu gün bu acı müsubətlər
başımıza gələr, nankor ermənilər azərbaycanlılara qarşı yer üzərində görünməmiş
faciələr törədərlər.
1992-ci il fevral ayının 25-dən
26-na keçən gecə postda idim. Aeroport tərəfdə atışma başladı. Erməni
quldurları hər tərəfdən şəhəri mühasirəyə aldılar. Bütün evləri yandıra-yandıra
gəlirdilər. Kömək gəlməmişdi. Təşviş içində qalan əhali gizli yollarla şəhərdən
çıxmaq məcburiyyətində qaldı. Yoldaşım, atam, 6 yaşlı oğlumla birgə Qarqar
çayına tərəf endik. Camaat Kətik və Gen dərə deyilən istiqamətində qaçırdılar.
Biz Gen dərənin şiş təpəsinə çatanda erməni postuna rast gəldik. Ermənilər atəş
açdılar. Ölən öldü, sağ və yaralı qalanlar hərə bir tərəfə qaçdı. Qarın içində
uzanıb gizləndik ki, güllələr bizə dəyməsin. Aradan 10 dəqiqə keçəndən sonra
başımızı qaldırdıq ki, nə yoldaşım, nə oğlum, nə də ki, qardaşım var, heç
kim yoxdur. Rəhmətlik Faiq qardaşımı çağırdım, səs vermədi. Mənim səsimə bir də
atəş açdılar. Atəş açılanda qaynanam, Həsənova Xuraman və 2 uşağı ilə Həsənabad
istiqamətində təzədən qaçdıq. Xocalı camaatından 200-250 nəfər Dəhraz tərəfdən
keçib Abdalgülablıya-Ağdama getmək istəyən qaçqınlarla rastlaşdıq. Mənim yanımdakılar
da onlara qoşuldular. Mən qayıtdım qardaşımı itirdiyim yerə ki, görüm
qardaşımı, oğlumu, yoldaşımı tapa bilərəmmi. Mən də Şelli istiqəmətində getdim.
Orada Zahid adında polislə, Nadirlə, nağaraçı Vəliyəddinlə, Nadir və qucağında
2 yaşlı uşaqla rastlaşdım. Yeriyə bilmirdilər. Zahidi sürüyə-sürüyə irəlilədik.
Bunlardan ailə üzvlərimi soruşdum görmədiklərini dedilər. Biz yığışdıq meşə ilə
getdik; meşədən çıxanda gördük ki, Dəhraz adında ermənilərin kompakt yaşadığı kənddəyik. Bir erməni
qadını bizi gördü torkerin, torkerin deyə qışqırdı. Geri istiqamətdə qayıtdıq.
Zahidi apara bilmədik, hamımız ac, susuz, yorğun idik. İtburnu meyvəsi, qar
yeyirdik. Orada Məmmədov Kamil Əmr oğlunu gördük. O qarın içində taqətsiz
qalmışdı. Uşaqlar birdən qışqırdı ki, erməni gəlir. Baxdıq ki, gələn
ayağıyalın, başıaçıq həyat yoldaşımdır. O mənim hərəkət istiqamətimi öyrənib,
izimizlə gəlib. Belimdəki şalı açıb ayağına bağladım. Səhərə kimi bir qayanın
dibində gizləndik. Səhər açıldı. Durduq ki, ətrafımızda ayaq izləri var. Hərəkət
edəndə qayanın başından bizi 2 nəfər çağırdı. İrəliləyəndə atəş açıldı. Qaçıb
girdik meşəyə. Azərbaycanca dedilər ki, sizə dəyməyəcəyik, aparıb Ağdamda ermənilərlə
dəyişəcəyik. Qorxduq çıxmadıq, erməni quldurları bizi özləri ağ paltarlarda gəlib
tutdular. Bizi aparıb mal tövləsinə yığdılar. Üzərimizdə olan pul, zinət əşyalarını
çıxartdılar. Sonra bizi Pircamal kəndinə apardılar. 400-500 Xocalı sakinini mal
tövləsinə yığmışdılar. Onların içərisində qardaşım Faiq, oğlum Sirac, qaynatam
Cəmil kişi, qohum-qonşular da var idi. Erməni qaniçənləri günahsız, çarəsiz
insanlara amansız işgəncələr verirdilər. Kimin adamı ölmüşdü kəlpətin, bel, lom,
mismar, mantirovka ilə vurur, təpikləyir, yerlərdə sürüyürdülər. İstədiklərini
döyə-döyə öldürür, güllələyirdilər. Qızıl
dişləri olanların dişlərini kəlpətinlə çıxardırdılar. Sonra Namiq qardaşımı da gətirdilər.
Bir müddətdən sonra Namiqi, Kamil Məmmədovu, bir neçə Mehseti türkünü götürüb
apardılar. Onlardan indi də xəbər yoxdur.
-
Siz özünüz hansı işgəncələrə məruz qalmısınız?
Burnumu
avtomatın qundağı ilə dağıtdılar. Qoluma dəmir parçası ilə damğa çəkdilər.
Qabırğalarımı, çiyinlərimi, barmaqlarımı qırıq-qırıq etdilər. Hər gün hamımıza
3-4 dəfə ağır və cürbəcür işgəncə verirdilər. Cəmi 8 gün əsir qaldım. Ancaq 8
günlük əsirliyim mənə 8 ilə bərabərdir. İki qardaşım şəhid oldu. Qardaşım
Faiqin meyidini atam alıb Ağdamda dəfn edib. Qardaşım Namiqdən indiyədək bir xəbər
yoxdur. Axşam başımı oğlumun dizinə qoydum. Səhərə kimi ağrıdan qışqırmışam.
Sanki həmin gecə qardaşım Vəliyəddini öldürməkləri mənə əyan olmuşdu.
Balasanyan
Vitali məni öldürməyə qoymadı. Dedi ki, bunu aparıb əsir ermənilərlə dəyişəcəyəm.
Orta məktəbdə Əsgəranda futbol, voleybol oynayanda onu görmüşdüm. O, Əsgəran
zonasının komandiri imiş. İçəri girib mənim yeriyə biləcəyimi soruşdu. 20 nəfər
əsiri maşına yığıb Ağdam zonasına gətirdilər. Bizi siqaretlə, benzinlə dəyişdilər.
-
Yaşar müəllim, erməni vəhşiliklərini, erməni xislətini öz gözünüzlə görmüş
Xocalı sakini kimi indiki nəsilə düşmənizi tanıtmaq, tədbirli olmaq üçün hansı
nəsihətləri verərdiniz?
Mənim 60 yaşım
var. Əlim silah tutur. Həyatda ən böyük arzum düşməndən qisas almaqdır. İstəyirəm
doğulub, boya-başa çatdığım, bulaqlarından içdiyim, meşələrində gəzdiyim
Xocalıya-Qarabağa qayıdaq. Tez-tez o yerlər xəyalımdan keçir.
Bizi Xankəndinə aparanda oğlum
soruşdu ki, ata, evə gedirik? Çox kövrəldim, məni ağlamaq tutdu. Samuel adında
erməni mənə dedi ki, Yaşar pis olma evə gedəcəksən ancaq, turist kimi. Həmin
zaman Şuşa, Laçın, Kəlbəcər hələ işğal olunmamışdı. Demək ki, bu ssenari idi. Ermənilər
ruslardan aldığı köməyə görə arxayın idilər. Bizi buraxanda həmin Samuel yenə
orada idi. O mənə erməni dilində dedi ki, Yaşar ev tikəndə Kürdən o tərəfdə
tik. Onların xülyası var, Kürədək, Arzaboyu "Böyük Ermənistan"
torpaqları olduğunu iddia edirlər. Ermənilərin riyakarlığı, xainliyi, bizim
xalqa qarşı düşmənçiliyi heç bir zaman bitməyəcəkdir. Onların boş xülyası gerçəkləşməyəcəkdir.
Düşmənimizn riyakarlığı, hiyləgərliyi, həyasızlığı məlumdur. Ancaq düşməni zəif
bilmək yaxşı əlamət deyil. Odur ki, biz daim mübariz olmalı və hər cür təxtirabata
gözü açıq olmalıyıq. Ermənilərin törətdiyi vəhşilikləri, Azərbaycan
torpaqlarına sonradan gəlib göz dikmələrini dünyanın diqqətinə çatdırmalıyıq.
-
Müsahibə üçün təşəkkür edirəm. Vətən torpaqları uğrunda şəhid düşmüş bütün
soydaşlarımıza Allah rəhmət eləsin!
Amin!
Qalib Bəyməmmədoğlu